Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov, YAP Sumqayıt Şəhər Təşkilatının nümayəndəsi Elvin Əlizadə, Sumqayıt Şəhər Polis İdarəsinin V Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə inspektoru Səbinə Novruzova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova, Gəncələrin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı nümayəndəliyinin rəhbəri Sevinc Qasımova, tərəfdaş müəssisələrin rəhbərləri və nümayəndələri, valideynlər, eləcə də fəaliyyəti ilə seçilən və uğur hekayəsi yazmış məzunlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan mərkəzin direktoru Gülşən Ömərova peşə təhsilinin ölkənin iqtisadi və sosial inkişafındakı mühüm rolundan danışıb. O, dövlət tərəfindən peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu sahəyə göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Direktor mərkəzdə yaradılmış müasir tədris mühiti və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı barədə məlumat verərək məzunları təbrik edib, onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə əldə olunan nailiyyətlərdən və mərkəzin son illərdə qazandığı uğurlardan bəhs edib. O, peşə təhsilinin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasındakı əhəmiyyətini vurğulayaraq məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Çıxış edən Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov məzunları əlamətdar gün münasibətilə təbrik edib. O, peşə təhsilinin cəmiyyətin inkişafına verdiyi töhfələrdən bəhs edərək gənclərə gələcək həyatlarında uğurlar arzulayıb və onların qazandıqları bilik və bacarıqları peşə fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə əminliyini ifadə edib.
Tədbirdə mərkəzin məzunları çıxış edərək təhsil aldıqları müddətdə qazandıqları bilik və bacarıqların onların peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Onlar müəllimlərə və mərkəzin kollektivinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda məzun olan tələbələrə təhsil müddətində göstərdikləri fəallığa və əldə etdikləri nailiyyətlərə görə təşəkkürnamələr təqdim edilib.
Bədii hissədə tələbələr tərəfindən rəqs nömrələri nümayiş etdirilib, musiqi ifaları səsləndirilib və tədbir iştirakçılarına rəngarəng konsert proqramı təqdim olunub. Tədbirin musiqili qonağı olan “Aynabənd” qrupu tərəfindən ifa olunan mahnılar tədbirə xüsusi bayram ab-havası bəxş edib.