Qubadlı tarixi Zəfərdən sonra yeni inkişaf mərhələsini yaşayır
Azərbaycanın müasir tarixində 25 oktyabr yalnız bir şəhərin işğaldan azad edildiyi gün deyil, həm də 44 günlük Vətən müharibəsində strateji üstünlüyün möhkəmləndiyi, tarixi Zəfərə aparan yolun mühüm mərhələsidir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü nümayiş etdirməklə yanaşı, müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi. Prezident İlham Əliyevin “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi” fikirləri bu qələbənin siyasi və mənəvi əhəmiyyətini ifadə edir. Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyət olmaqla yanaşı, xalqın uzun illər davam edən yurd həsrətinə son qoyulmasının başlanğıcı idi.
Qubadlı Azərbaycanın zəngin təbii ehtiyatlara, əlverişli coğrafi mövqeyə və mühüm iqtisadi potensiala malik rayonlarından biridir. Həkəri və Bərgüşad çaylarının hövzəsində yerləşən rayonun 802 kvadratkilometrlik ərazisi kənd təsərrüfatının, heyvandarlığın və emal sənayesinin inkişafı üçün geniş imkanlar yaradır. İşğaldan əvvəl burada taxılçılıq, üzümçülük, tütünçülük və heyvandarlıq yerli iqtisadiyyatın əsasını təşkil edirdi. Qiymətli tikinti materialları yataqları, meşə ehtiyatları və məhsuldar torpaqlar Qubadlının iqtisadi əhəmiyyətini daha da artırırdı. Lakin 1993-cü il avqustun 31-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bu potensialdan istifadə imkanları aradan qalxdı, yaşayış məntəqələri və infrastruktur dağıdıldı, minlərlə sakin doğma yurdundan didərgin düşdü.
Qubadlının azad edilməsi əməliyyatı Azərbaycan Ordusunun yüksək peşəkarlığının, düzgün hərbi planlaşdırmanın və şəxsi heyətin qəhrəmanlığının parlaq nümunəsi oldu. Mürəkkəb dağlıq relyef, düşmənin strateji yüksəkliklərdə möhkəmlənməsi və qurduğu müdafiə istehkamları əməliyyatın həyata keçirilməsini çətinləşdirirdi. Buna baxmayaraq, Azərbaycan hərbçiləri əvvəlcə şəhərə hakim yüksəklikləri, Xanlıq, Padar və Sarıyataq istiqamətlərində mühüm mövqeləri nəzarətə götürdülər. Ardınca Qubadlı şəhəri azad edildi. Bu uğur Laçın istiqamətində irəliləyiş üçün yeni əməliyyat imkanları yaratdı və Şuşanın azad edilməsinə aparan hərbi-strateji proseslərdə mühüm rol oynadı. Qubadlı uğrunda döyüşlər Azərbaycan əsgərinin iradəsinin, fədakarlığının və Vətənə sədaqətinin tarixə yazılmış nümunələrindəndir.
Bu gün Qubadlıda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq tədbirləri hərbi Qələbənin sosial-iqtisadi inkişaf müstəvisində davam etdirildiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonun enerji, nəqliyyat, yaşayış və sosial infrastrukturu yenidən formalaşdırılır. Müasir “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi, elektrik ötürücü xətlərin çəkilməsi, Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları üzrə layihələr regionun iqtisadi inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təsdiqlənməsi isə bərpa prosesinin uzunmüddətli və sistemli yanaşma əsasında həyata keçirildiyini təsdiqləyir. Bu yanaşmanın əsas məqsədi müasir şəhər mühitinin yaradılması ilə yanaşı, dayanıqlı iqtisadi fəaliyyətin təmin edilməsidir.
Böyük Qayıdış proqramı çərçivəsində Qubadlı şəhərində yaşayış məhəllələrinin, məktəb, xəstəxana və inzibati binaların tikintisi, Mahruzlu, Zilanlı və Xanlıq kəndlərinin yenidən qurulması mühüm sosial əhəmiyyət daşıyır. Bu layihələr təkcə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını deyil, həm də yeni iqtisadi münasibətlərin formalaşmasını nəzərdə tutur. Müasir yol və enerji infrastrukturu kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdıracaq, sahibkarlıq, turizm, emal sənayesi və xidmət sektorunun inkişafını stimullaşdıracaq. Qubadlının coğrafi mövqeyi onun gələcəkdə Şərqi Zəngəzurun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün əlverişli imkanlar yaradır. Ən başlıcası, yeni iş yerlərinin yaradılması və sosial xidmətlərin əlçatanlığı əhalinin daimi məskunlaşmasının iqtisadi əsaslarını möhkəmləndirəcək.
25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın milli yaddaşında Zəfərin, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu günün rəsmiləşdirilməsi azad edilmiş torpaqların tarixinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qubadlının keçdiyi yol göstərir ki, ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi nailiyyət deyil, həm də uzunmüddətli inkişafın başlanğıcıdır. Dünən qəhrəmanlıqla azad edilən torpaqlarda bu gün yeni həyatın təməlləri qoyulur. Qubadlının dirçəlişi Azərbaycanın güclü dövlətçilik ənənələrinin, iqtisadi qüdrətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının real təzahürüdür.
Anar Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun müdiri