Otuz beş il sınaqlarla üz-üzə...
 

Haber 1

Hər yaş insan ömrünün bir mərhələsidir. Gənclik enerjisinin təcrübə ilə yoğrulduğu bir dövrdə zamanın sınaqları ilə üz-üzə qalan, işıqlı yolların yolçusuna çevrilib mətinləşən, kamilləşən Nərmin Mehdiyeva yaşının bu çağında şəhərimizin ictimai, mədəni və sosial həyatında özünəməxsus fəallığı, zəhmətsevərliyi və təşkilatçılığı ilə tanınır. Azərbaycan qadını kimi cəmiyyətə bacardığı qədər fayda verməyə çalışır.

Nərmin Mehdiyeva 1990-cı il iyul ayının 31-də dünyaya göz açdığı Sumqayıt şəhərində böyüyüb. 2007-ci ildə şəhərimizdəki N.Tusi adına 12 nömrəli tam orta məktəbdə təhsilini başa vuraraq böyük arzularla müstəqil həyatın qoynuna atılıb. Həmin il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməyin iqtisadiyyatı və sosiologiyası fakültəsinə qəbul olub. Hələ tələbəlik illərində savadı, ictimai fəallığı ilə başqalarından fərqlənib. 2011-ci ildə akademiyanı iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. İlk əmək fəaliyyətinə “Azərpoçt” MMC-nin nəzdində Sumqayıt Poçt filialında əməliyyatçı kimi başlayıb. Bir müddət çalışdıqdan sonra müştəri xidmətləri şöbəsində rəis müavini vəzifəsinə irəli çəkilib. Sonradan Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin şəbəkə xidmət mərkəzi layihəsi üzrə yüksək balla müsabiqə və müsahibədən keçərək Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən poçt şöbəsində ilk şəbəkə xidmət mərkəzinə supervayzer təyin edilib. İşinə məsuliyyətlə yanaşdığından, eyni zamanda, rəis müavini vəzifəsi səlahiyyətlərinin icrası müvəqqəti olaraq ona həvalə edilib. Çətinliklərə boyun əyməyib, üzərinə düşən işin öhdəsindən layiqincə gəlib. Öz peşəkarlığı, əməksevərliyi və dürüstlüyü ilə kollektivin hörmətini qazanaraq sayılıb və seçilib.

Nərmin Mehdiyeva 2019-cu il dekabrın 23-də respublikamızda keçirilən bələdiyyə seçkilərinə qoşulub və ilk dəfə Sumqayıt Bələdiyyəsinin üzvü seçilib. Bələdiyyə iclaslarında fəal iştirak edib, seçicilərinin etimadını doğruldub. 2021-ci ilin may ayında Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsinə irəli çəkilib. 2025-ci il yanvar ayının 29-da keçirilən növbəti bələdiyyə seçkilərində də o, seçicilərin etimadını qazanaraq çox sayda səs toplayıb və yenidən şəhər bələdiyyəsinə üzv olub. Hazırda bələdiyyə sədrinin müavinidir.

Fəaliyyəti dövründə yüksək təşkilatçılıq qabiliyyəti və bacarığına görə əhali arasında rəğbət qazanıb. Dəfələrlə şəhər rəhbərliyi tərəfindən fəxri fərmanlara layiq görülüb. Onun fəaliyyəti yalnız idarəetmə ilə məhdudlaşmır, konkret nəticələrlə ölçülür. Yerli özünüidarəetmənin inkişafında, xüsusilə də bələdiyyənin maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayır. Fiziki və hüquqi şəxslər tərəfindən yerli vergilərin və ödənişlərin vaxtında və tam şəkildə ödənilməsinə nail olmaq üçün vətəndaşlarla, sahibkarlıq subyektləri ilə maarifləndirici görüşlər keçirir, ictimai dinləmələr təşkil edir. Bu işlərin nəticəsi olaraq bələdiyyənin gəlirləri artır, bir çox sosial layihələrin icrası mümkün olur. Bununla yanaşı, Nərmin xanım bələdiyyə daxilində Gender Komissiyasının sədri kimi də əhəmiyyətli işlər görür. Gender bərabərliyinin təmin olunması, qadınların qərar qəbul etmə proseslərində iştirakının genişləndirilməsi, ailədaxili zorakılıqla mübarizə və qadın hüquqlarının qorunması sahəsində aparılan işlər onun təşəbbüsü ilə sistemli şəkildə icra olunur. Cəmiyyətdə qadınların rolunun artırılmasına yönəlmiş layihələri daim maraqla qarşılanır. Xüsusilə gənc qadınları sosial fəallığa təşviq edir və onlara öz təcrübəsini böyük məmnuniyyətlə ötürür.

Bələdiyyənin sədr müavini kimi işində həm müdriklik, həm də zəka olan bu xanım yalnız idarəçi deyil, həm də yol göstərən, güvənilən bir insandır. Onun həyatı təkcə iş uğurları ilə ölçülmür. İki övladın qayğıkeş anası ailəsi üçün sarsılmaz dayaq, ləyaqətli ömür-gün yoldaşı, eyni zamanda zərif bir xanım, etibarlı dost, cəmiyyət üçün isə örnək simadır. Övladlarına təkcə təhsil və tərbiyə deyil, həm də əqidə, yurd sevgisi və zəhmətə inam aşılamağı bacarır.
Həqiqətən, inamla, zəhmətlə və vicdanla çalışmaqla hər bir maneəni aşmaq, arzu və istəkləri reallaşdırmaq mümkündür. Nərmin xanım yaşadığı otuz beş ildə üzləşdiyi sınaqların təkcə bir həyat çətinliyi deyil, həm də güc mənbəyi olduğunu anlayır. O güc ki, insanı zirvəyə aparır, onu sınmayan, sarsılmayan bir iradəyə çevirir, daha da mənalı və şərəfli ömür yaşadır. Bütöv bir cəmiyyətin inkişafında nümunəvi xidmətləri ilə fərqlənən dəyərli ziyalımızın irəli atdığı qətiyyətli addımlar ölkənin parlaq gələcəyinə inanan hər bir qadın üçün ilham qaynağıdır.

Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyevanı qarşıda daha mənalı, şərəfli və yaddaqalan yeni ömür səhifələri gözləyir... İnanırıq ki, bu səhifələrdə xeyli uğur öz yerini alacaq.

Rəna TƏBƏSSÜM,
jurnalist, yazıçı-publisist