Əziz məktəblilər,tələbələr,hörmətli valideynlər və müəllimlər!
Sumqayıt Bələdiyyəsi olaraq Sizləri Yeni tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik!Bu gün minlərlə gənc və yeniyetmə bilik,zəhmət və gələcək arzularla dolu bir yolun daha bir mərhələsinə qədəm qoyur. Xüsusilə də məktəb həyatına ilk dəfə addım atan balaca birinciləri sevgi və ümidlə salamlayırıq.
Əziz şagirdlər və tələbələr!
Təhsil yalnız bilik toplamaq deyil,eyni zamanda düşünməyi öyrənmək, məsuliyyət daşımaq və cəmiyyətə faydalı bir fərd kimi formalaşmaq deməkdir.Hər səhifədə yeni bir dünya kəşf edir,hər müəllimdən yeni bir həyat dərsi alırsınız.Arzu edirik ki,bu il sizin üçün yalnız uğurlarla deyil, həm də insani dəyərlərlə zəngin bir inkişaf dövrü olsun.
Hörmətli müəllimlər!
Gənc nəslin formalaşmasında və onların cəmiyyətə layiqli vətəndaş kimi yetişməsində göstərdiyiniz fədakar əməyi yüksək qiymətləndiririk.Bu şərəfli və məsuliyyətli fəaliyyətinizdə sizə güc, səbir və uğurlar arzulayırıq.
Dəyərli valideynlər!
Övladlarınızın təhsil yolunda onları dəstəkləməyiniz, yanlarında olmağınız onların özlərinə inamını gücləndirir, ruhlarını motivasiya edir.Bu mühüm missiyanızda sizə də uğurlar və təmkin arzulayırıq.
Sumqayıt Bələdiyyəsi olaraq təhsilin inkişafı,gənclərin potensialının reallaşdırılması və gələcək nəsillərin daha savadlı,yaradıcı və vətənpərvər ruhda formalaşması üçün səylə çalışmaqda davam edəcəyik.
Yeni dərs iliniz mübarək olsun!
Uğur,inkişaf və biliklərlə dolu bir il arzulayırıq!